Seçki-2024
Uğurlarımızın davamlılığını təmin edək!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu, Qaracallı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Qaracallı, Küçəkənd və Pirkənd kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP ölkəmizin aparıcı siyasi qüvvəsidir: “Ölkəmiz və onun əsas siyasi qüvvəsi olan YAP bələdiyyə seçkilərinə dərinləşən islahatlar kursu və onun ciddi nəticələri ilə gedir”.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Ramil Həsən qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizi sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi, dünya birliyində isə öz layiqli yerini tutan qüdrətli bir dövlətə çevirib.
Təşviqat qrupunun üzvü Nurlan Abbasov, Qaracallı bələdiyyəsi üzvlüyünə namizədlər Şahlar Qurbanov və Aslan Kərimli seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Məlahət Hacıyeva, Ziya Mikayılov, Səfa Əlizadə və başqaları bildiriblər ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideyalar, bəyan etdiyi prinsiplər xalq tərəfindən həmişə dəstəklənib. Onlar yanvarın 29-da seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizəzlərinə səs verəcəklərini bildiriblər.
Gün ərzində namizədlər tərəfindən məhəllə görüşləri də keçirilib.