Seçki-2024
Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması önəmli hədəflərdəndir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat və Kürdəxanı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Zülfüqar Cəfərov Azərbaycanda bələdiyyə institutunun fəaliyyətinin gücləndirilməsinin demokratik inkişaf siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. O, Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun əhəmiyyətinə diqqəti cəlb edərək deyib: “Başlıca məqsəd bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmənin səmərəliliyinin yüksəldilməsi və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır”.
Bələdiyyə üzvlüyünə namizədlər Nailə Nəsirova, Hikmət Alıyev, Talut Hüseynov, Ağaəli Məsimov, Heyran Kərimova, Lətafət Zeynalova, Amin Nəzərli bələdiyyələrin sosial-iqtisadi məsələlərin həllində rolundan bəhs ediblər. YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verilərək yerli özünüidarəetmədə vətəndaşların rolunun artırılmasının əhəmiyyəti vurğulanıb.
Seçicilər Yalçın İbrahimov, Emin Əliyev, Sevda Məlikova və başqaları YAP-ın hər zaman xalqın etimadını doğrultduğunu və qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.