Seçki xəbərləri
Qələbələrimiz davamlıdır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu, Bəcirəvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, aparılan islahatlar əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkisində möhtəşəm qələbə qazanmaq gücündədir.
Çıxış edən seçki qərargahının üzvləri Səlim Məhərrəmov və Məmi Atakişiyev Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyə xidmət etdiyini və partiyanın fəaliyyətinin Azərbaycanın milli maraqlarının qətiyyətlə qorunmasına hədəfləndiyini diqqətə çatdırıblar.
Bələdiyyə üzvlüyünə namizədlər Yusif Cəbrayılov və Sabir Məmmədov çıxışlarında bələdiyyələrin fəaliyyətindən ətraflı danışmaqla yanaşı, seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştiraka çağırıblar. Onlar yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazandıqları təqdirdə fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun quracaqlarını qeyd ediblər.