Seçki xəbərləri
Xalqın seçimi bəllidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri, Naxçıvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli Yeni Azərbaycan Partiyasının yarandığı gündən yüksək nüfuz qazanmasından, partiyanın Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışında ifadə edilən inamı doğrultmasından danışıb. O, bildirib ki, hazırda yeni reallıqlardan irəli gələn vəzifələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Rail Tağızadə, Aidə Cəlilzadə və bələdiyyə üzvlüyünə namizədlər Musa Əliyev, Tahir Hüseynli və Ələsgər Cəlilzadə ötən dövr ərzində bələdiyyələrin inkişafı ilə bağlı mühüm addımlar atıldığını, zəruri qanunların qəbul edildiyini diqqətə çatdırıblar.
Görüşdə seçicilər YAP-ın fəaliyyətini tam dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.