Seçki xəbərləri
Xalqa xidmət ali məqsəddir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron rayonu, Qobu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, bu gün sıralarında 740 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası gücünü xalqın dəstəyindən alır. “Təbii ki, xalqa xidmət ali məqsəddir. YAP milli maraqlara uyğun səmərəli fəaliyyəti ilə ümumxalq partiyası olduğunu sübuta yetirib”, - deyə o vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Nigar Məmmədova Prezident İlham Əliyevin Azərbaycan xalqının firavan gələcəyinə xidmət edən uzaqgörən siyasəti nəticəsində ölkəmizin tarixi nailiyyətlər qazandığını bildirib. Onun sözlərinə görə, əldə olunan uğurların təməlində xalq-iqtidar birliyi dayanır.
Bələdiyyə üzvlüyünə namizədlər Araz Nəcəfov və Həsən Hacıağayev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək görüş iştirakçılarını seçkilərdə fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.