Seçki xəbərləri
YAP etibarlı sabahın təminatıdır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xızı rayonu, Xızı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Xızı rayon təşkilatının sədr müavini Ümman Rüstəmli əvvəlcə partiyanın keçdiyi şərəfli yoldan, əldə olunan uğurlardan danışıb. O qeyd edib ki, YAP ötən müddət ərzində öz fəaliyyəti ilə xalqın etimadını doğruldub və ölkəmizin ictimai-siyasi həyatında ən mühüm qüvvəyə çevrilib. Təşkilat sədrinin müavini yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradıldığını qeyd edib.
Bələdiyyə üzvlüyünə namizədlər Orxan Nağıyev, Səidə Əzizova, Nadir Nadirov, Anar Mahmudlu qeyd ediblər ki, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində mümkün olub.
Görüş zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.