Seçki xəbərləri
YAP bu seçkilərin də aparıcı qüvvəsidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonu, Sabir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Şamaxı rayon təşkilatının sədr müavini Altay Məmmədov seçicilərə seçki proqramı barədə ətraflı məlumat verib. O, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə qarşıda mühüm vəzifələrin dayandığını da diqqətə çatdırıb. Daha sonra YAP-ın yaranmasını tarixi hadisə adlandıran A.Məmmədov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu partiyanın böyük uğurlara imza atdığını qeyd edib.
Seçki qərargahının üzvü Ağarza Bayramov və təşviqat qrupunun üzvü Fuad Səmiyev bildiriblər ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. Elə buna görə də Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və bu gün cənab İlham Əliyevin rəhbərlik etdiyi partiya xalqımız tərəfindən tam dəstəklənir.
Tədbirin sonunda seçicilər Mirağa Kərimov, Əsbət Əliyeva, İntiqam Zeynalov çıxış edərək YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.