Seçki xəbərləri
Davamlı islahatlar naminə!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göygöl rayonu, Göygöl və Hacıməlik bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov Yeni Azərbaycan Partiyasının seçki kampaniyasını uğurla davam etdirdiyini diqqətə çatdırıb: “Ötən illər ərzində partiyamız böyük seçki təcrübəsi qazanıb, iştirak etdiyi bütün siyasi kampaniyalarda uğurlara imza atıb. YAP cəmiyyətdə yüksək nüfuza malikdir. Çünki hər bir vəd əməli işdə öz təsdiqini tapır. Qarşıdan gələn bələdiyyə seçkiləri də YAP-a sarsılmaz inamın daha bir təsdiqi olacaqdır”.
Seçki qərargahının üzvləri Dilarə Qazıyeva və Ofeliya Rəhimova, bələdiyyə üzvlüyünə namizədlər Sevinc Mustafayeva, Zəhra Zeynalova, Amil Hüseynov, Yeganə Abdullayeva və Coşqun Əliyev bildiriblər ki, bələdiyyələr yerli resursların səmərəli istifadəsini təmin edərək əhalinin rifahını yüksəltməyə yönələn layihələr həyata keçirirlər. Qeyd olunub ki, bələdiyyələrin inkişafı cəmiyyətin ümumi rifahını artırır və bölgələr arasında sosial-iqtisadi balansın təmin olunmasına kömək edir.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün YAP-ın namizədlərinin seçicilərlə məhəlli görüşləri də keçirilib.