Seçki xəbərləri
YAP seçicilərin etibarını bir daha qazanacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvar 29-na təyin olunmuş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu, Yuxarı Qəsil bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov bildirib ki, Yeni Azərbaycan Partiyası qarşıdakı bələdiyyə seçkilərində özünün mükəmməl seçki proqramı ilə seçicilərin etibarını bir daha qazanacaq: “Partiyanın məqsədi yalnız bələdiyyə institutlarını inkişaf etdirmək deyil, həm də hər bir vətəndaş üçün daha yaxşı həyat şəraiti yaratmaqdır”.
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Kənan Nifdalıyev qeyd edib ki, YAP-ın nümayəndələri yerli idarəetmə orqanlarında məqsədyönlü və səmərəli fəaliyyətlərini davam etdirirlər.
Seçicilərdən Miryaya Yahyayev, Məlahət Həsənova və Səadət İbrahimova bildiriblər ki, sonuncu bələdiyyə seçkilərindən ötən dövr ərzində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı təmin olunub. Odur ki, onlar 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklər.