Seçki xəbərləri
Goranboyluların seçimi bəllidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Faxralı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Faxralı, Alpout, Quşçular kəndlərindən olan seçiciləri ilə və Hazırəhmədli bələdiyyəsi üzrə Bəşirli, Qarasuçu, Yəhərçi Qazaxlar, Sarov, Kələk kəndlərindən olan seçicilər ilə görüşləri keçirilib.
Görüşdə YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. C.Mustafayev bildirib ki, vətəndaş rifahı Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir: “Hər bir bölgədə insanların rahat yaşayışı üçün bütün imkanlar yaradılıb”.
Təşviqat qrupunun üzvləri – şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova və Sakit Məmmədov YAP-ın qələbələr partiyası olduğunu vurğulayıb, partiyanın seçki proqramı haqqında ətraflı məlumat veriblər.
Bələdiyyə üzvlüyünə namizədlər Sevda Vəliyeva və Ramil Mahmudov çıxış edərək söz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini partiyanın müəyyən etdiyi proqram əsasında quracaqlar. Onlar göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını söyləyiblər.
Seçicilərdən Cavid Yusifov, Rafiq Sadıqov və Nailə Allahverdiyeva bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Görüşdən sonra YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev və təşviqat qrupunun üzvləri Goranboy rayonunun Faxralı kənd sakinləri ilə fərdi görüşlər keçiriblər.