Seçki xəbərləri
Samux rayonunda seçicilərlə görüş keçirilib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu, Qarayeri bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar Azərbaycanın inkişafına mühüm töhfələr verir: “Dövlət başçısının siyasətinin təməlində dayanan amillərdən biri bütün sahələrdə sistemli və ardıcıl islahatların həyata keçirilməsidir. Bu islahatlar yalnız sosial-iqtisadi inkişafı deyil, həm də idarəetmə sisteminin təkmilləşməsini təmin edir”.
Təşviqat qrupunun üzvləri Namiq Cəfərov, Mirzəmməd Orucov, bələdiyyə üzvlüyünə namizədlər Nizami Ələsgərov, Aygün Abdullayeva YAP-ın seçki proqramında əksini tapan hədəfləri diqqətə çatdırıblar. Namizədlər seçiləcəkləri təqdirdə Qarayeri bələdiyyəsinin günün tələbləri səviyyəsində fəaliyyət göstərməsi üçün fəal çalışacaqlarını və onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Görüş zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.