Seçki xəbərləri
Seçkilər YAP-ın davamlı siyasi uğuru kimi tarixə düşəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu, Oğuz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib ki, YAP-ın əldə etdiyi hər bir uğurun arxasında vətəndaşlarımızın inamı, etimadı dayanır. Ona görə də yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri də YAP-ın davamlı siyasi uğuru kimi tarixə düşəcək. Təşkilat sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradıldığını da sözlərinə əlavə edib.
Seçki qərargahının üzvləri Ehtibar Yusubov, Ceyhun Kərimov və bələdiyyə üzvlüyünə namizədlər Arif Cavadov, Habil Lətifov, Tural Əbdürəhmanov, Ehtibar Əliyev, Vəli İsmayılov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının indiyədək əhalinin məşğulluğunun təmin olunmasına və digər sosial məsələlərin həllinə önəmli töhfələr verdiklərini vurğulayıblar.
Tədbirdə seçicilərdən Akif Lətifov, Seymur Üzeyirov, İkram Bəylərov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində bu partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP-ın namizədləri Bayan, Kərimli, Çaldaş kəndlərində seçicilərlə fərdi görüşlər də keçiriblər.