Seçki-2024
Bələdiyyə seçkilərinin də qalibi YAP olacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Yasamal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ölkəmiz növbəti siyasi tədbir ərəfəsindədir. Onun sözlərinə görə, bələdiyyə seçkiləri yeni uğurlar vəd edir: “Ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait yaradılıb. Belə şəraitin yaradılması bələdiyyə seçkilərində hər bir ölkə vətəndaşının rahat şəkildə iştirak etməyinə imkan verir. Ancaq bir həqiqət var ki, siyasi partiyalar arasında ən reytinqli və cəmiyyət arasında ən nüfuzlu siyasi partiya YAP olduğundan, bələdiyyə seçkilərinin də qalibi, şübhəsiz, bu partiya olacaq”.
Seçki qərargahının üzvü Zahid Cəfərov, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə və İlhamə Qəsəbova, bələdiyyə üzvlüyünə namizədlər Fəridə Qasımova və Səmayə Cabbarova bələdiyyələrin fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, qarşıdakı mərhələdə bələdiyyələrin üzərinə düşən əsas vəzifə və məsuliyyətlər daha böyük əzmkarlıq və peşəkarlıqla yerinə yetirilməlidir. Bu hədəflərə çatmaq üçün onlar seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar. Partiya namizədlərinin zəngin təcrübəsi və təşəbbüskarlığı qarşıya qoyulmuş hədəflərə çatmaq üçün əsas zəmin kimi qiymətləndirilib.
Görüş zamanı seçicilər Jalə Əlimuradlı, Turan Mirzəyev və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, namizədlər Yasamal rayonu üzrə müxtəlif ünvanlarda da seçicilərlə görüş keçiriblər.