Seçki-2024
Mühüm addımlar atılır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göygöl rayonu, Göygöl və Çaykənd bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bildirib ki, bələdiyyələr sosial məsələlərin həlli istiqamətində fəal iş aparır. Qeyd olunub ki, yerli özünüidarəetmə orqanları əhali arasında sosial bərabərliyi və ədaləti təmin etmək məqsədilə mütəmadi olaraq layihələr həyata keçirir, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını qoruyurlar.
Seçki qərargahının üzvləri Ofeliya Rəhimova və Dilarə Qazıyeva, bələdiyyə üzvlüyünə namizədlər Araz Abbasov, Hüseyn İbrahimli, Hicran Əliyeva, Pərvin Rəhimov, Sevinc Mustafayeva və Vaqif Sadıqov çıxış edərək əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayandığını bildiriblər.
Seçicilər Aqilə Məmmədova, Hüseyn Əhmədov, Qurban Quliyev, Fizuli Heydərov və digərləri bələdiyyə seçkilərində zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün YAP-ın namizədləri seçicilərlə məhəlli görüşlər də keçiriblər.