Seçki-2024
YAP-ın qazandığı qələbələr yüksək etimadın göstəricisidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron rayonu, Ceyranbatan qəsəbə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ölkəmizdə mühüm ictimai-siyasi proseslərdən və YAP-nın qazandığı uğurlardan danışıb. “Müasir Azərbaycan Heydər Əliyev şah əsəridir”, - deyən Abbas Əliyev əlavə edib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, ölkə başçısı, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə qalib xalqın nümayəndələri kimi möhtəşəm uğurlara şahidlik edir və gələcəyə doğru inamla addımlayırıq. O, həmçinin bildirib ki, YAP-ın seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir.
Görüşdə seçki qərargahının üzvü Əliyar Allahverdiyev, Ceyranbatan qəsəbə Ağsaqqallar Şurasının üzvü Sabir Tağıyev və bələdiyyə üzvlüyünə namizəd Cavanşir Zeynalov çıxış edərək əldə olunan uğurlarla yanaşı, vətəndaş məmnunluğunun artırılması istiqamətində qarşıda mühüm vəzifələrin dayandığını da bildiriblər.
Qeyd edək ki, YAP-ın namizədləri Abşeron rayonunun kənd və qəsəbələrində məhəllə görüşləri də keçiriblər.
Görüşlər zamanı seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.