Seçki-2024
YAP qələbələr partiyası kimi imic qazanıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşlərdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Cavid İsmayılov Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı istiqamətində önəmli işlər gördüyünü və mühüm nailiyyətlərə imza atdığını deyib. C.İsmayılov bildirib ki, bələdiyyə idarəçiliyinin təşkili sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər gələcəkdə bələdiyyələrin səmərəli fəaliyyətinə əsaslı şərait yaradacaq.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Rəsul İbrahimov, Zülfiyyə Hacıyeva və Məhsəti İsmayılova bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda cənab İlham Əliyevin uğurla rəhbərlik etdiyi YAP qələbələr partiyası kimi imic qazanıb. Ulu Öndərin “dünənin, bu günün və gələcəyin partiyası” kimi dəyərləndirdiyi YAP tarixin sınaqlarından şərəflə çıxaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Çıxışlarda namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və ən layiqli namizədlərə səs verməyə çağırıblar.
Görüş zamanı seçicilər Asif Kərimov, Nizami Abbasov və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.