Seçki-2024
Yeni Azərbaycan Partiyası bu seçkilərin də favoritidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən, Rəsulzadə, Binəqədi qəsəbə və Biləcəri bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Yeni Azərbaycan Partiyasının iştirak etdiyi bütün seçkilərdə qazandığı qələbələr partiyanın yüksək nüfuza malik olduğunu və xalqın ona olan etibarının davamlı olaraq artdığını göstərir: “Yeni Azərbaycan Partiyası fəaliyyətinin əsasında xalqa xidmət prinsipinin dayandığını təsdiqləyib. Ona görə də seçicilərin bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə, partiyamızın daha bir qələbə qazanacağına inanırıq. YAP bu seçkilərin də favoritidir”.
Bələdiyyə üzvlüyünə namizədlər Ehtibar Cabbarov, İlham Qayıbzadə, Elnarə Quliyeva, Anar Nağıyev, Rəşad İsayev, Mətanət Nəsibova, Nemət İbrahimov, Hümbət Hüseynov, Ayət Nağıyev, Leyli Tahirova, Orxan Babayev, Günel Abdullazadə və Cəlalə Balakişiyeva YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək hər kəsi seçkilərdə fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.