Seçki-2024
YAP-ın seçki yolu: Qələbəyə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu, Çuxanlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın etimadını doğruldaraq ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbələr əldə edib. O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin geniş dəstəklənməsi, YAP-ın qarşıdan gələn bələdiyyə seçkilərində ən güclü resurslarından biridir. Qeyd olunub ki, bu səbəbdən bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının davamlı siyasi uğurlarının növbəti səhifəsi kimi tarixə düşəcək.
Seçki qərargahının üzvü Sahib Həsənov, bələdiyyə üzvlüyünə namizədlər Zaur Vahidov və Hakim Mustafayev çıxış edərək ötən müddət ərzində YAP üzvlərinin təmsil olunduqları bələdiyyələrin səmərəli fəaliyyətindən danışıblar.
Çıxış edən seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.