Seçki-2024
Hər bir vəd konkret əməli işdə öz təsdiqini tapır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Səbail rayonu, Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının seçki kampaniyasını uğurla davam etdirdiyini diqqətə çatdırıb: “Ötən illər ərzində partiyamız böyük seçki təcrübəsi qazanıb, iştirak etdiyi bütün siyasi kampaniyalarda uğurlara imza atıb. YAP cəmiyyətdə yüksək nüfuza malikdir. Çünki hər bir vəd konkret əməli işdə öz təsdiqini tapır. Qarşıdan gələn bələdiyyə seçkiləri də Yeni Azərbaycan Partiyasına sarsılmaz inamın daha bir təsdiqi olacaqdır”.
Bələdiyyə üzvlüyünə namizədlər Təzəxan Məmmədov, Nurel Kərimov, Xədicə Həsənova, Hacı Əliyev və Validə Cəfərova çıxış edərək YAP-ın seçki proqramı barədə ətraflı məlumat veriblər. Onlar yerli özünüidarəetmənin təkmilləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.