Seçki xəbərləri
YAP-ın qələbəsi labüddür
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yasamal rayonu, Yasamal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin gənclər, idmançılar və ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ölkəmizdə növbəti bələdiyyə seçkilərinin tam şəffaf və ədalətli şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb: “Bu da cəmiyyətdə yeni fəallığın, sağlam müzakirələrin aparılmasına yol açıb. Bələdiyyə seçkiləri yeni uğurlar vəd edir. Ancaq bir həqiqət var ki, siyasi partiyalar və cəmiyyət arasında ən nüfuzlu siyasi təşkilat məhz Yeni Azərbaycan Partiyası olduğundan bələdiyyə seçkilərinin də qalibi, heç şübhəsiz, YAP olacaqdır”.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Misir Mərdanov, Zahid Cəfərov, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Azad Rzayev, bələdiyyə üzvlüyünə namizəd Bəhram Şeydayev ötən dövrdə bələdiyyələrin fəaliyyəti və həyata keçirilən mühüm işlərlə bağlı çıxış ediblər. Qeyd olunub ki, qarşıdakı mərhələdə bələdiyyələrin üzərinə düşən əsas vəzifə və məsuliyyətlər daha böyük əzmkarlıq və peşəkarlıqla yerinə yetirilməlidir.
Görüş zamanı gənc seçicilər Riyad Əhmədzadə, Fərahim Rəhimzadə, Gülarə Mehdizadə və Emil Hacıyev bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün YAP namizədləri müxtəlif ünvanlarda yaşayan seçicilərlə də görüşüblər.