Seçki xəbərləri
“Qürur duyuruq!”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu Xok bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışıb, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda yüksək nüfuza malik olduğunu söyləyib. O, partiya sıralarının gündən-günə artmasını, sosial bazasının daha da möhkəmlənməsini Prezident, YAP Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olaraq dəyərləndirib.
Tədbirdə çıxış edən seçki qərargahının üzvü Mirabdulla Seyidov və bələdiyyə üzvlüyünə namizədlər Məcid Məmmədov, Məhərrəm Əliyev, Basit Əliyev, Saynur Rüstəmova və İqbal Qasımov zəfərlərin davamlılığını təmin etmək, yeni hədəflərin gerçəkləşməsinə dəstək olmaq naminə seçiciləri 29 yanvar bələdiyyə seçkilərində fəal olmağa çağırıblar.
Seçicilər belə güclü, qüdrətli dövlətin vətəndaşı olduqları üçün qürur duyduqlarını deyib, bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Qıvraq bələdiyyəsi üzrə namizəd Azər Əliyev, Qarabağlar bələdiyyəsi üzrə namizədlər Sevil Təmoyeva, Allahverdi Məmmədov, Şahlar Orucov, Naimə Rüstəmova seçicilərlə fərdi və məhəllə görüşləri də keçiriblər.
Təşviqat kampaniyası çərçivəsində YAP namizədləri Xok kənd qəbiristanlığında şəhid məzarlarını da ziyarət ediblər.