Seçki xəbərləri
YAP-a alternativ yoxdur
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonunun Quşçu və Qabaqtəpə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşlər keçirilib.
Görüşlərdə Quşçu bələdiyyəsi üzrə namizəd Nafiq Allahverdiyev və Qabaqtəpə bələdiyyəsi üzrə namizəd Elşən Rzayev seçicilərə YAP-ın seçki proqramı haqqında məlumat verməklə yanaşı, yerli özünüidarəetmə orqanlarının gələcək inkişaf perspektivləri haqqında da geniş söhbət açıblar. Onların fikrincə, ölkədə keçiriləcək növbəti bələdiyyə seçkiləri Azərbaycanın seçki demokratiyasının daha da təkmilləşməsinə öz töhfəsini verəcək.
Namizədlər bildiriblər ki, YAP ölkəmizin tarixində danılmaz xidmətlər göstərib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Azərbaycanın qüdrətinin artması, xüsusilə də 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizin dünyada nüfuzunu daha da yüksəldib, mövqelərini möhkəmləndirib.
Seçicilər Eşqin Alıyev, Ceyhun Nəbiyev, Mahir Bağırov, Eyvaz Abdullayev, Ayaz Əzizov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bu seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.