Seçki xəbərləri
Tərəqqi naminə...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu Yergüc, Qusarçay, Qaraqurtlu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının məsləhətçisi, seçki qərargahının üzvü Fazil Rəhmətov bildirib ki, dövlət-özəl təşəbbüskarlığı modeli yalnız iqtisadi artım üçün deyil, eyni zamanda sosial məsələlərin həllində də mühüm rol oynayır. O qeyd edib ki, bələdiyyələrin bu prosesə daha aktiv cəlb edilməsi yerli icmaların daha yaxın və effektiv idarə olunmasına imkan yaradacaq. Eyni zamanda, bu yanaşma yerli resurslardan daha səmərəli istifadə etməyə, həm də bölgələrdə sosial inkişafı təmin etməyə kömək edəcək. Bu, yerli problemlərin daha tez həll olunması və ümumi inkişafın sürətlənməsi üçün vacib bir mərhələdir.
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlərdən Aslan Məmmədov, Firuz Əmirov, Gülaməddin Quliyev, Faiq Savziyev, Akif Hacıyev, Ozal Əspəndiyev, Nəriman Əsədov, Faiq Məhərrəmov da bələdiyyələrin özəl sektorla bir yerdə çalışmasının işlərin daha sürətlə irəliləməsinə kömək edəcəyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu əməkdaşlıq daha çox layihə reallaşdırılmasına şərait yaradacaq.
Seçicilər isə ümumxalq partiyası olan YAP-ın namizədlərinə etimad göstərəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Xaçmaz, Xudat, Yalama, İstisu, Yeni Həyat, Qusarçay, Nərəcan, Köhnə Xaçmaz, Qımılqışlaq, Yergüc, Hülövlü, Çarxı və Qaraqurtlu bələdiyyələri üzrə namizədlər seçicilər ilə məhəllə görüşləri də keçiriblər.