Seçki xəbərləri
YAP lider partiyadır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu Cəfərli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, ölkəmizin hər bir uğurunda YAP-ın müstəsna rolu var. “Dövlətimiz genişmiqyaslı islahatlar aparır. Bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır”, - deyə o vurğulayıb.
Çıxış edən Milli Məclisin deputatı Səyyad Salahlı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın böyük uğurlar qazandığını deyib. O, vurğulayıb ki, ərazi bütövlüyü və suverenliyini tam bərpa edən ölkəmiz regionda yeni reallıqlar yaradıb.
Bələdiyyə üzvlüyünə namizədlər Mehman Qasımov, Əruzuman Qarayev və Rəşad Talıbzadə çıxışlarında seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Çıxış edən seçicilər seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev gün ərzində bir neçə məhəllə görüşü keçirib, seçiciləri YAP namizədlərinə səs verməyə dəvət edib.