Seçki-2024
YAP lider partiya kimi xalqın etimadını layiqincə doğruldur
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nəsimi rayonu, Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası budəfəki seçkilərə də böyük uğurlarla gedir. Onun sözlərinə görə, sonuncu bələdiyyə seçkilərindən ötən dövr ərzində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı təmin olunub və çox mühüm nailiyyətlər əldə edilib. “Əminliklə söyləmək olar ki, partiyamız xalqın etimadı ilə yeni qələbəyə imza atacaq”, - deyə o bildirib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu gün ölkəmizin Ulu Öndər Heydər Əliyevin siyasi varisi, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl uğurlar qazanaraq zirvələr fəth etdiyini bildirib. O, YAP-ın lider partiya kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini diqqətə çatdırıb: “Heç şübhəsiz, ümumxalq partiyası olan YAP bundan sonra da qarşıda duran hədəfləri müvəffəqiyyətlə gerçəkləşdirməklə ölkəmizin inkişafına müstəsna töhfələr verəcək”.
Təşviqat qrupunun üzvü Sabir Əliyev, bələdiyyə üzvlüyünə namizədlər Mətləb Məmmədov, Faiq Məmmədov və Lalə Əlizadə YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək yerli özünüidarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər və bu sahədə başlıca hədəflərdən bəhs ediblər. Onlar bələdiyyə seçkilərinin əhəmiyyətini vurğulayaraq hər bir vətəndaşı seçkilərdə aktiv iştirak etməyə çağırıblar.