Seçki xəbərləri
“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu Qazyan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti xalqın rifahının daha da artmasına, həyat səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir. “Mütəmadi olaraq həyata keçirilən sosial islahatlar, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və infrastrukturun inkişafı məhz bu siyasətin tərkib hissəsidir”, - deyə Şəhla Abdullayeva vurğulayıb.
Təşviqat qrupunun üzvü Mirzalı Ağamalıyev, bələdiyyə üzvlüyünə namizədlər Şahin Zeynalov, Mirbaba Kazımov, Aysel Hüseynova Yeni Azərbaycan Partiyasının yarandığı gündən yüksək nüfuz qazanmasından, Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışında ifadə edilən inamı, etimadı doğrultmasından, hazırda yeni dövrün çağırışlarına uyğun olaraq qarşıda dayanan vəzifələri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirməsindən danışıblar.
Çıxış edən seçicilər YAP-ın siyasi xəttini dəstəklədiklərini və bu partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, namizədlər Qazyan kəndinin mərkəzindəki Şəhidlərin xatirə lövhəsini də ziyarət edib, Vətənin qəhrəman övladlarının xatirəsini ehtiramla anıblar.