Seçki xəbərləri
YAP növbəti qələbə ərəfəsindədir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonunun Şəmkir və Zəyəm Cırdaxan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzindədir. O qeyd edib ki, ictimai-siyasi həyatımızda aparıcı qüvvə olan YAP bələdiyyə seçkilərinə də yüksək fəallıqla iştirak edir. Bu fəallıq bir daha onu təsdiqləyir ki, ölkənin ən güclü siyasi partiyası bu seçkiləri də qələbə ilə başa vuracaq. Bunu təşviqat kampaniyası da bir daha sübut edir.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Zamir Güvəndiyev, Səadət Əfəndiyeva və Bəxtiyar Əhmədov partiyanın seçki proqramı haqqında geniş məlumat veriblər. Onlar, həmçinin bələdiyyə seçkiləri ilə bağlı öz fikir və düşüncələrini də tədbir iştirakçıları ilə bölüşüblər.
Görüşdə iştirak edən seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.