Seçki xəbərləri
Göyçaylılar YAP namizədlərini dəstəkləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonu Çaxırlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov ölkəmizin əldə etdiyi uğurlarda YAP-ın müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanundan danışan rayon təşkilatının sədri bildirib ki, birləşmə yerli özünüidarəetmənin təkmilləşməsi, inkişafı üçün qaçılmazdır.
Qeyd olunub ki, bələdiyyə institutu yerli özünüidarəetmənin təməlini təşkil edərək cəmiyyətin inkişafında mühüm rol oynayır.
Bələdiyyə üzvlüyünə namizədlər Fərhad Mehdiyev, Sərkar Süleymanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı şanlı Zəfərdən və digər uğurlardan bəhs ediblər. Bildirilib ki, Prezident, YAP Sədri yürütdüyü siyasət xalqın partiyaya olan inamını daha da artırır.
Seçicilər Orucəli Qəniyev, Məhəmməd Kərimov və digərləri ümumxalq partiyası olan YAP-ın namizədlərinə etimad göstərəcəklərini vurğulayıblar.