Seçki xəbərləri
Ölkənin ən güclü siyasi partiyası seçkiləri qələbə ilə başa vuracaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.
Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Elçin Bəbirov və Şəlalə Süleymanova yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən söz açıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev yerli özünüidarəetmə sisteminin yaradılmasını xalq hakimiyyətinin yeni bir forması hesab edirdi. Onlar qeyd ediblər ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanıb. Əvvəlki seçkilərdə olduğu kimi, növbəti bələdiyyə seçkilərinə hazırlıqla bağlı YAP Pirallahıbu rayon təşkilatında da ciddi işlər gedir. Hazırlıq işlərinin, o cümlədən təşviqatın uğurla həyata keçirilməsi, bir daha onu təsdiqləyir ki, ölkənin ən güclü siyasi partiyası bu seçkiləri qələbə ilə başa vuracaq.
Görüşlərdə çıxış edən seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.