Seçki xəbərləri
Daim irəli!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu Yalavac bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev partiyanın seçki proqramından ətraflı bəhs edib. Təşkilat sədri Yeni Azərbaycan Partiyasının bundan sonra da öz imkanlarını və demokratik mühitin üstünlüklərindən istifadə edərək məqsədyönlü fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səyyad Salahlı Yeni Azərbaycan Partiyasının hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını və bu dəfə də partiyanın inamlı qələbə qazanacağına olan əminliyini ifadə edib.
Bələdiyyə üzvlüyünə namizədlər Azad Əhmədov və Malik Əzimov çıxışlarında Prezident İlham Əliyevin çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlərin bələdiyyə institutunun təkmilləşdirilməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıblar.
Seçicilər isə bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev məhəllə görüşləri də keçirib, seçiciləri YAP namizədlərinə səs verməyə dəvət edib.