Seçki xəbərləri
Qazanılan uğurlar yeni hədəflər müəyyənləşdirir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad rayonu Dırnıs bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Ordubad rayon təşkilatının sədri Etibar İsmayılov Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı istiqamətində müəyyən etdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. E.İsmayılov əminliklə ifadə edib ki, YAP-ın yerli idarəetmənin inkişafına verdiyi önəm, partiyanın seçkilərdəki uğurunu təmin edəcək.
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Nihad Sadıqlı, Anar Qubadov, Ziyad Əhmədov, Fəxrənsə Həsənova və Çinarə Mirzəli yeni nailiyyətlər qazanılması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar. Seçicilər də yanvarın 29-da seçki məntəqələrinə gedərək YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.