Seçki xəbərləri
İnamdan doğan seçim
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonunun Vladimirovka, Digah-Xucbala, Xınalıq, Talabıqışlaq, Vəlvələ, İkinci Nügədi, Alpan, Qonaqkənd bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. Görüşlərdə namizədlər Nadir Məmmədov, Əfil Dadaşov, Tahirmirzə Məmmədov, Firuz Əhmədov və digərləri çıxış edərək bələdiyyə seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildiriblər. Onlar, həmçinin partiyamızın uğurları barədə də seçicilərə ətraflı məlumat veriblər.
Çıxış edən seçicilər YAP-ın siyasi xəttini dəstəklədiklərini deyərək bu partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Söhüb bələdiyyəsi üzrə YAP-ın namizədləri isə Vətən müharibəsi şəhidi Taleh Babayevin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına göstərdiyi bu xüsusi diqqət və qayğı ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır. Fidan Hüseynova qarşıdan gələn bələdiyyə seçkiləri haqqında da məlumat verib. Bildirib ki, bələdiyyə seçkiləri, vətəndaşların yerli idarəetməyə birbaşa təsir göstərmələrini təmin edən ən mühüm mexanizmdir.
Şəhidin ailə üzvləri onlara daim qayğı ilə yanaşan ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirməklə yanaşı, bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.