Seçki xəbərləri
Yüksək rifah naminə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qax rayonu İlisu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanununun bələdiyyələrin fəaliyyətinin səmərəliliyini artırmaq və yerli özünüidarəetməni gücləndirmək məqsədi daşıdığını deyib. O əminliyini ifadə edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində əhaliyə göstərilən xidmətlərin keyfiyyəti artacaq.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Elvin Həsilov və bələdiyyə üzvlüyünə namizəd Elman Xəlilov ölkədə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri barədə məlumat veriblər. Natiqlər Qax seçicilərinin bu dəfə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Seçicilər adından çıxış edən Sümayə Qocayeva və Şəfi Rəşidov yüksək rifah naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini diqqətə çatdırıblar.