Seçki xəbərləri
Uğurlu gələcəyə səs verək!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin şəhid ailəsi və seçicilərlə görüşü keçirilib.
Nərimanov rayonu Z. Xəlil küçəsi 19/29 ünvanında yaşayan Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş, Milli Qəhrəman Samir Xasıyevin ailəsi YAP Nərimanov rayon təşkilatının rəhbərliyi və YAP-ın namizədləri tərəfindən ziyarət olunub. Ziyarət zamanı YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, namizədlər Təmraz Tağıyev, Nizami Babaşov və təşviqat qrupunun üzvləri bildiriblər ki, 44 günlük Vətən müharibəsində müzəffər ordumuz düşmən tapdağı altında olan bütün ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoyub.
Milli Qəhrəman Samir Xasıyevin ailəsi şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib.
Eyni zamanda, Nərimanov rayonu, Z. Xəlil küçəsi 19/29 və Çaykovski küçəsi 2 ünvanlarında yaşayan seçicilərlə keçirilən görüşlərdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov YAP-ın seçki proqramı haqqında məlumat verib, seçiciləri seçkilərdə fəal iştiraka çağırıb.
Görüşdə bələdiyyə üzvlüyünə namizədlər Nizami Babaşov, Akif Vəliyev, Vüsal Cəfərli, Əliyar Həsənov, Aytən Yusifli və təşviqat qrupunun üzvləri çıxış edərək bu sahədə görülən işlərdən, əhalinin rifah halının yaxşılaşdırılması naminə həyata keçirilən tədbirlərdən bəhs ediblər.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.