Seçki-2024
Şəmkir rayonunda seçicilərlə görüş keçirilib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu Keçili və Qaracəmirli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev müasir hüquqi və demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının və səmərəli özünüidarəetmə mexanizmlərinin vacibliyini vurğulayıb. O, azad və ədalətli seçkilərin bu prosesdəki rolunu qeyd edərək, Prezident İlham Əliyevin bu məsələyə xüsusi önəm verdiyini bildirib. Təşkilat sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçiriləcəyinə inandığını ifadə edib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri və bələdiyyə üzvlüyünə namizədlər bələdiyyə seçkilərinin əhəmiyyəti və keçirilməsinin demokratik prinsiplərə uyğun olması barədə fikirlərini bildirərək, seçki prosesinin cəmiyyətin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıblar. Seçicilər isə YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.