Seçki-2024
Ucarlılar Azərbaycanın tərəqqisinə səs verəcəklər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu, Qaracallı və Qarabörk bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşdən əvvəl Ənvər Məmmədxanlı kəndinin mərkəzində Şəhidlərin Xatirə lövhəsi ziyarət olunub.
Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Yeni Azərbaycan Partiyası çoxsaylı uğurları ilə xalqın inam və etimadını qazanıb. O, çıxışında qeyd edib ki, sözlə əməl birliyi bu partiyanın hər bir seçki prosesindən uğurla, qələbə ilə çıxmasını şərtləndirir.
“Düşünürəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində də xalqımız fəal iştirak etməklə növbəti illər üçün davamlı inkişafa öz töhfələrini verəcəklər”, - deyə Şəhla Abdullayeva vurğulayıb.
Təşviqat qrupunun üzvü Mirzalı Ağamalıyev, Qaracallı bələdiyyəsi üzvlüyünə namizəd Aslan Kərimli çıxışlarında aparılan islahatların bələdiyyələrin fəaliyyətinin təkmilləşməsinə, yerli özünüidarəetmənin səmərəliliyinin yüksəldilməsinə, nəticə etibarilə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə hədəfləndiyini bildiriblər.
Seçicilər İlhamə Əliyeva, Muğan Həşimov, Aynur Əliyeva, Yavər Qasımova, Aytəkin Həsənova qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.