Seçki-2024
YAP xalqa layiqli xidmət nümunəsi yaradıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu, Beyləqan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov Yeni Azərbaycan Partiyasının şərəfli yol keçərək ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. O qeyd edib ki, YAP Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin nüfuzunun artmasına misilsiz töhfələr verib, xalqa layiqli xidmət nümunəsi yaradıb: “Bütün bu reallıqların nəticəsidir ki, xalqımız Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Bələdiyyə seçkilərinin nəticələri bu gerçəkliyin daha bir bariz nümunəsi olacaq”.
Seçki qərargahının üzvləri Etibar İmanov, Niyaməddin Əsgərov, Şəmistan İbrahimov, bələdiyyə üzvlüyünə namizədlər Novruz Quliyev, Ayaz Quliyev, Bakir Həsənov və Aygün Müslümzadə yerli özünüidarəetmənin təkmilləşdirilməsi baxımından bələdiyyə seçkilərinin önəmindən bəhs ediblər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın zirvələr fəth etdiyini vurğulayaraq seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Nazim Çıraqov, Hümbət Pəsiyev və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasına dəstəklərini ifadə ediblər.