Seçki xəbərləri
YAP-ın qələbəsinə inam yüksəkdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonunun Qarabağlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasına xalqımızın etimadının növbəti bariz nümunəsi olacaq.
Görüşdə seçki qərargahının üzvləri Allahverdi Piriyev, Kərəm Muradov, Zahid Fərəcov və bələdiyyə üzvlüyünə namizədlər Şəmsəddin Kərimov, Şakir Muradov çıxış edərək seçiciləri ümumxalq partiyasının – YAP-ın namizədlərinə səs verməyə çağırıblar. Onlar, həmçinin bu bələdiyyə seçkilərinin YAP-ın tarixinə parlaq nailiyyət kimi yazılacağına əmin olduqlarını da bildiriblər.
Seçicilər Yavər Orucov, Rahil Qəhrəmanov və Zeynəb Məmmədli çıxış edərək seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.