Seçki xəbərləri
Yeni hədəflər gerçəkləşdiriləcək!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu, Püsyan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Şərur rayon təşkilatı aparatının məsləhətçisi Cahandur Məhərrəmov bildirib ki, Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində uğur qazanmaq üçün yüksək peşəkarlıq və liderlik keyfiyyətlərinə malik namizədlər təqdim edir. Partiyanın proqramı regionların sosial-iqtisadi inkişafını təmin etməyə, əhalinin rifahını artırmağa və şəffaf idarəetmə sistemini qurmağa yönəlib.
“Növbəti bələdiyyə seçkiləri Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyasına xalqın inam və etimadının növbəti bariz nümunəsi olacaqdır”, - deyə C.Məhərrəmov vurğulayıb.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Musa Şirəliyev, Tahir Əliyev və Bəhruz İbrahimov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.
Bələdiyyə üzvlüyünə namizədlər Çingiz Hacıyev, Rahim İbrahimli, Şahnaz Abbasova, Vüqar Kazımlı dövlətə və xalqa ləyaqətlə xidmət etməyə hazır olduqlarını qeyd edərək bələdiyyə üzvü seçiləcəkləri təqdirdə onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını vurğulayıblar.
Görüş zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.