Seçki xəbərləri
Bələdiyyə seçkilərində də YAP öz sözünü deyəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu Ərəzin bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov bildirib ki, müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünüidarəetmə mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyil. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır.
Təşkilatın sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Cəlal Həsənli, Zərnişan Məmmədzadə və bələdiyyə üzvlüyünə namizədlər Tofiq Bayramov, Natiq Məmmədov, Tahar Hacıyev, Həbibə Vəliyeva, Nicat Babayev, seçicilər Mehbalı Həsənov, Əbülfəz Ağayev, Məmmədəli Əliyev bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, Bənəniyar bələdiyyəsi üzrə namizəd Vəli Sərxanlının və Milax bələdiyyəsi üzrə namizəd Sərdar Məhərrəmovun məhəlli görüşləri də keçirilib.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.