Seçki xəbərləri
YAP üzvləri bələdiyyələrdə fəaliyyətlərini yeni hədəflər istiqamətində quracaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonunun Yergüc, Qımılqışlaq bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədr müavini Emil Tağıyev bildirib ki, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək: “Xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə də qələbə əzmi ilə qatılıb”.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Məhəbbət Zeynalova, bələdiyyə üzvlüyünə namizədlər Nəriman Əsədov, Ozal Əspəndiyev, Ceyhun Mustafayev və Kamran Qocayev bu sahədə qazanılmış müsbət təcrübənin daha genişlənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini qeyd ediblər.
Bununla yanaşı qeyd olunub ki, YAP üzvləri bələdiyyələrdə öz fəaliyyətlərini yeni hədəflər istiqamətində quracaqlar.
Görüşlər zamanı seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin Xaçmaz, Xudat, Yalama, İstisu, Yeni Həyat, Qusarçay, Nərəcan, Köhnə Xaçmaz, Qımılqışlaq, Yergüc, Hülövlü, Çarxı və Qaraqurtlu bələdiyyələri ərazisində seçicilərlə məhəllə görüşləri keçirilib.