Seçki xəbərləri
Bütün hədəflərimiz reallığa çevriləcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bələdiyyə seçkilərinin yerli idarəetmə sistemində yeniliklərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, yeni seçiləcək bələdiyyə üzvləri islahatların davamlılığını təmin etməli və vətəndaş maraqlarını daha effektiv qorumağa çalışmalıdırlar. Təşkilat sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Rauf Qaffarov, Kamal Əhmədov, Pərviz Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Gülnar Hidayətova, Anar İsmayılov, Gültəkin Nəzərova, Nağı Zeynallı, Mahnur Ömərova, Gülnarə Dadaşova və Ruslan Seyidov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.
Bununla yanaşı qeyd olunub ki, bələdiyyələr yerli özünüidarəetmə orqanları olaraq cəmiyyətin sosial-iqtisadi inkişafında və vətəndaşların rifahının təmin edilməsində mühüm rol oynayır. Onların effektiv fəaliyyəti dövlət idarəetmə sisteminin gücləndirilməsi və şəffaflığın təmin olunması baxımından əhəmiyyətlidir.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.