Seçki xəbərləri
Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Xətai bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirib: “Bu gün YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni uğurlara imza atır”.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi nailiyyətlər qazandığını bildirib: “Bütün uğur və qələbələrimiz Heydər Əliyev yolu ilə bağlıdır. Azərbaycan dünyaya qüdrətini nümayiş etdirib və bu gün yeni zəfərlərə imza atmaq əzmindədir. Xalqımız bu reallıqları görür və müsbət qiymətləndirir. Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir”.
Təşviqat qrupunun üzvləri Mürvət Əsgərov, Meyvəddin Ramaldanov, Elgiz Dadaşov və Rafiq Nəcəfov əldə olunan nailiyyətlərə diqqəti cəlb edərək seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasına etimad göstərməyə - partiyanın namizədlərinə səs verməyə çağırıblar.