Seçki xəbərləri
Dinamik inkişaf, uğurlu islahatlar

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Siyəzən rayonu Həmyə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev seçicilərin böyük rəğbət bəslədikləri YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə dilə gətirib. O, həmçinin yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı da qeyd edib.
Görüşdə çıxış edən seçki qərargahının üzvü, Milli Məclisin deputatı Müşfiq Məmmədli Azərbaycan dövləti tərəfindən yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində atılmış addımlardan və qəbul edilmiş qanunlardan bəhs edərək bildirib ki, son illərdə bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə töhfələr veriblər. Qeyd olunub ki, yeni bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.
Bələdiyyə üzvlüyünə namizəd Eyyam Əsgərov və Zarat kənd seçicisi Nurəddin Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin Sədri olduğu YAP-ı dəstəklədiklərini bildirib və seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində bu partiyanın namizədlərinə səs verməyə çağırıblar.