Seçki xəbərləri
Seçimimiz qalib dövlətin lider partiyasıdır!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sumqayıt şəhəri, Zeynalabdin bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Sumqayıt şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov YAP-ın rifah və quruculuq naminə fəaliyyət göstərməsinin, onun namizədlərinin qələbəsini şərtləndirdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Nasir Rzayev, Nəsrulla Məmmədov, Arif Qafarov, Minəxanım Mütəllimova çıxış edərək seçkilərin yüksək səviyyədə tam demokratik şəraitdə keçiriləciyini, alternativsiz partiya tərəfindən irəli sürülmüş namizədlərin növbəti 5 ildə bələdiyyə sahəsində seçicilərinə ləyaqətlə xidmət edəcəklərini bildiriblər. Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Əsli Qasımova, Şəhla Mövsümova müstəqil Azərbaycana, dövlətimizə və xalqımıza ləyaqətlə xidmət etmək üçün hazır olduqlarını qeyd edib, bələdiyyə üzvü seçiləcəkləri təqdirdə onlara göstərilən etimadı doğrultmağa çalışaçaqlarını vurğulayıblar.
Seçicilərdən Vətən müharibəsi iştirakçısı Rüfət Sadıqov, Zeynalabdin qəsəbəsi Ağsaqqallar Şurasının üzvü Hacı Yaqub Yeni Azərbaycan Partiyasının namizədləri və onların səsləndirdiyi fikirlər ətrafında mövqelərini bildirib, təkliflərini səsləndiriblər. Həmçinin YAP-ın namizədlərinə səs verəcəklərini yekdilliklə vurğulayıblar.