Seçki xəbərləri
Növbəti qələbə əzmi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Füzuli rayonu Horadiz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva bildirib ki, Azərbaycanda bələdiyyə institutunun təsis edilməsi və yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləyən hüquqi bazanın formalaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Təşkilat sədri qeyd edib ki, Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirən ümumilikdə 22 qanun qəbul olunub, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı 200-dən artıq normativ hüquqi akt qüvvəyə minib.
Çıxış edən seçki qərargahının üzvləri Lətifə Zamanova, Seyfəddin Maqsudov və bələdiyyə üzvlüyünə namizədlər Vüqar Teymurov, Şahin Nəbiyev, Tural Nəbiyev, Müstəqim İsmayılov, Rövşən Ələsgərov dahi lider Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlər bələdiyyə institutunun təkmilləşdirilməsinə öz töhfəsini verir.
Görüş zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün Horadiz şəhəri ərazisində seçicilərlə səyyar görüşlər də keçirilib.