Seçki xəbərləri
Tərtər seçicilərinin seçimi YAP-ın namizədləridir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu Bəyimsarov və Buruc bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Tərtər rayon təşkilatının seçki qərargahının üzvləri Azər Ağayev və Vəsilə Mehdiyeva ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını seçicilərin diqqətinə çatdırıblar. Onlar bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxış edənlər YAP-ın namizədləri haqqında seçicilərə məlumat verib.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının hər zaman xalqın partiyası olduğu bildirilib. Vurğulanıb ki, böyük xalq dəstəyinə malik olan partiyamız insanların qayğıları ilə yaxından tanış olur. Xüsusilə, bələdiyyələrdə təmsil olunan partiya nümayəndələri yerli məsələlərin həllində yaxından iştirak edirlər. Çıxış edənlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa çağırıblar.
Seçicilər də bələdiyyə seçkilərində YAP namizədlərini dəstəkləyəcəklərini vurğulayıblar.