Seçki xəbərləri
YAP gücünü xalqın dəstəyindən alır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu, Kür bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu Öndər Heydər Əliyevin dəyərli mənəvi-siyasi mirası olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyasının xalqın böyük etimadına malik olduğunu qeyd edib. O, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin xalqın YAP-a inamının növbəti bariz nümunəsi olacağını əminliklə ifadə edib.
“Yeni Azərbaycan Partiyasının əsas gücü və uğurlarının təməli məhz xalqın davamlı dəstəyindən qaynaqlanır”, - deyə F.Vəliyev vurğulayıb.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Azər Qəhrəmanov, Zaur Məmmədov və Kür bələdiyyəsi üzvlüyünə namizədlər Sahib İmanov, Mehdi Hüseynzadə, Orxan Abdullayev bələdiyyə ərazilərinin sosial-iqtisadi potensialından faydalanaraq müvafiq bölgələri inkişaf etdirmək və əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq imkanlarından bəhs ediblər.
Görüş zamanı seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərini vurğulayıblar.