Seçki xəbərləri
YAP xalqın alternativsiz seçimidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu Qosmalian bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O qeyd edib ki, vətəndaşların yüksək sosial rifahının təmin edilməsi prioritetinə uyğun olaraq yerlərdə resursları səfərbər etməklə iqtisadi dəyər yaradan mənbələrin hərəkətə gətirilməsi qarşıda duran başlıca vəzifələrdəndir.
Tədbirdə çıxış edən seçki qərargahının üzvü Elman Rəcəbov və bələdiyyə üzvlüyünə namizədlər Cəfər Əsədullayev, Çinarə Ağayeva, Məhərrəməli Zeynalov, Habil Dadaşov və digərləri ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Çıxışlarda YAP-ın daim seçkilərə böyük qələbə əzmi ilə qatıldığı qeyd olunub. Seçicilər “seçimimiz dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasıdır!”, - deyə vurğulayıblar.
Qeyd edək ki, həmin gün YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, sədr müavini Elnur Məmmədov, seçki qərargahının üzvləri Elman Rəcəbov və Veysəl Məlikov ayrı-ayrı ərazilərdə də seçicilərlə görüşlər keçiriblər.