Seçki xəbərləri
Bələdiyyə seçkiləri xalqın YAP-a inamının növbəti ifadəsi olacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Alpout bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya qeyd edib ki, ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atılmış, o cümlədən zəruri qanunvericilik bazası formalaşdırılmış, çoxsaylı qanunlar qəbul olunmuş, bu sahədə qazanılmış müsbət təcrübənin yayılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. O bildirib ki, dövlət-bələdiyyə-özəl tərəfdaşlığının gücləndirilməsi, yerli sosial-iqtisadi və ekoloji layihələrin reallaşdırılması, bələdiyyələrin sosial məsuliyyətinin, yerli özünüidarəetmədə vətəndaşların rolunun artırılması qarşıda duran mühüm vəzifələrdir.
Bələdiyyə üzvlüyünə namizədlər İlqar Hüseynov və Aliyə Zamanova YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Öz növbəsində seçicilər Yeni Azərbaycan Partiyasına dəstəklərini ifadə ediblər. “Bələdiyyə seçkiləri xalqın YAP-a inamının növbəti ifadəsi olacaq”,- deyə vurğulanıb.